Boks üzrə Azərbaycan yığması sabah ABŞ-a yola düşəcək
Dünya çempionatının nəticələri Pekin olimpiadası üçün lisenziya xarakteri daşıyır
Azərbaycanın boks yığması sabah Amerikaya yola düşəcək. Artıq ABŞ-da keçiriləcək boks üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti də müəyyənləşib. Baş məşqçi Məmməd Eyvazovun rəhbərliyi ilə ölkəmiz tam heyətlə təmsil olunacaq. Yəni 11 çəki dərəcəsinin hamısında boksçularımız rinqə çıxacaqlar. Çikaqoda ən aşağı çəki dərəcəsində Azərbaycanı Ceyhun Əbiyev təmsil edəcək.
Samir Məmmədov 51 kq çəki dərəcəsində yarışacaq. 54 kq çəki dərəcəsində Elşən İsmayılov qarşılaşacaq. Yığmanın kapitanı Şahin İmranov isə 57 kq çəki dərəcəsində çıxış edəcək. Çəkisi 60, 64 və 69 kq olan boksçular arasında isə Azərbaycanın idman şərəfini Romal Amanov, Emil Məhərrəmov və Ruslan Xairov qoruyacaq.
Ağırlığı 75 kq-dək olan idmançılar arasında Rahib Bəylərov yarışacaq. Afina olimpiadasının iştirakçısı Cavid Tağıyev çəkisi 81 kq olan boksçularla qarşılaşacaq. 91 kq-da rinqə Elçin Əlizadə çıxıcaq. Heyətdə yer alan ən ağır boksçu isə Azər Məmmədovdur.
Qeyd edək ki, dünya çempionatı Pekin olimpiadasına lisenziya xaraketri daşıyır. /ANS TV/













