Bu gün Azərbaycanın müstəqillik günüdür
Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilib
Bu gün Azərbaycanın müstəqilliyi günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya Aktını qəbul edib. Və o vaxtdan da Azərbaycan öz müstəqilliyinə qovuşub.
Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir. Həmin gün Ali Sovetin növbətənkənar sessiyasında dövlət istiqlaliyyəti haqqında Bəyannamə qəbul olunub. Oktyabrın 18-də Ali Sovet Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya Aktını qəbul edib və Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Demokratik Respublikasının davamçısı elan olunub.
Konstitusiya Aktı siyasi və iqtisadi münasibətlərin fundamental prinsiplərini-bütün təbii sərvətlərin xalqa mənsub olmasını, mülkiyyətin bütün formalarının bərabərliyini, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təmin olunmasını özündə ehtiva edirdi. Sonra dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edilib. Azərbaycanın siyasi-hüquqi həyatında mühüm rol oynayan «siyasi partiyalar haqqında» qanun hazırlanıb. İnsan hüquqları sahəsində də əhəmiyyətli addımlar atılıb, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub.
Müstəqillikdən dərhal sonra ortaya təbii və süni əngəllər yaranmağa başlayıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü daha da genişlənib, Cənubi Qafqazı, xüsusilə Azərbaycanı itirməklə barışmayan imperiya təcavüzə dəstəyi artırıb. Azərbaycan ərazilərinin beşdə biri işğal olunub, Azərbaycanın bölgələrə parçalanması təhlükəsi reallaşıb.
Azərbaycan bu vəziyyətdən 1993-cü ildən sonra çıxmağa başlayıb. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qiyamları yatırılıb, «Əsrin müqaviləsi» sayılan neft kontraktları imzalanıb və bununla da dövlətçiliyimiz üçün əsas təhlükələr aradan qalxıb.
Müstəqillik qazanan Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmaq istiqamətində real addımları da bundan sonraya təsadüf edib. Bir sıra beynəlxalq təşkilatlara üzv seçilən ölkəmiz 2001-ci ildə «Avropa dövlətlərinin ailəsi» sayılan Avropa Şurasına qəbul edilib. /ANS TV/













