Terri Devis ermənilərə Kosovo və Dağlıq Qarabağ münaqişələrinin eyni olmadığını deyib
"Kosovo və Dağlıq Qarabağ münaqişələri arasında çoxlu fərqlər var. Kosovoda separatçı rejim yoxdur, bu diyarı BMT idarə edir, təhlükəsizliyi isə Avropa Birliyi ölkələrinin hərbçiləri təmin edir. Bu cür faktorlar Dağlıq Qarabağda yoxdur". Erməni kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, bunu İrəvanda Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla birqə keçirdiyi mətbuat konfransında Avropa Şurasının baş katibi Terri Devis bəyan edib.
O, Dağlıq Qarabağ münaqişəsini Dnestryanı, Abxaziya və Cənubi Osetiya münaqişələri ilə eyniləşdirib. Dağlıq Qarabağda yerli özünüidarəetmə orqanlarına keçirilən son seçkiləri şərh edən Avropa Şurasının baş katibi "Dağlıq Qarabağ" rejiminin beynəlxalq aləm tərəfindən tanınmadığını xatırladıb. Onun sözlərinə görə, Avropa Şurası keçirilən seçkiləri pisləmirsə, bu, o demək deyil ki, həmin seçkiləri tanıyır.
T.Devis bildirib ki, Qarabağ münaqişəsi rəsmi İrəvan və Bakının xarici siyasətinin prioritet məsələsi olmalıdır. O qeyd edib ki, Avropa Şurası hər iki ölkəyə öz tövsiyyələrini verib. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır. Terri Devis münaqişənin nizamlanmasında maraqlı olduğunu deməklə yanaşı, eyni zamanda qeyd edib ki, Qarabağ probleminin həlli ilə ATƏT-in Minsk Qrupu maraqlandığından Avropa Şurasının bu missiyanı öz üzərinə götürməsi məqsədyönlü deyil.
İrəvan Dövlət Universitetinin tələbələri ilə görüşündə isə Terri Devis bildirib ki, Dağlıq Qarabağ problemi Ermənistanın öz qonşuları ilə gələcək inkişafı üçün maneə yarada bilər: "Bir vacib məqam var ki, bu da Ermənistanın Türkiyə ilə münasibətidir". Bununla da Terri Devis qondarma erməni soyqırımı ilə bağlı son vaxtlar rezonans doğuran məsələlərə eyham vurub. Bildirib ki, tarixi siyasətçilər yox, tarixçilər araşdırmalıdır: "Həmin dövrdən uzun bir zaman keçib. İndi gələcək nəsillər haqda fikirləşmək lazımdır. Birinci addımı atmaq çox çətindir. Lakin Ermənistan başa düşməlidir ki, qonşu dövlətlərlə normal münasibətlər vacibdir. Bu da ki, gələcək üçün yeganə kriteriyadır. Başqa yol isə sadəcə olaraq yoxdur".
Terri Devis həmçinin 2008-ci ildə Ermənistanda azad və ədalətli seçkilərin keçiriləcəyinə ümid etdiklərini deyib. O, Ermənistan cəmiyyətində çatışmazlıqların mövcudluğundan, ölkədə hakimiyyət və müxalifət arasında dialoq üçün siyasi mədəniyyət yoxluğundan da danışıb. /ANS TV/













