«Dağlıq Qarabağ münaqişəsi daim dondurulmuş vəziyyətdə qala bilməz»
«Dağlıq Qarabağ münaqişəsi daim dondurulmuş vəziyyətdə qala bilməz, bu münaqişə həm Azərbaycan, həm Ermənistan, həm region üçün ağrılı problemdir”. Bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Bolqarıstanın baş naziri Sergey Stanişev deyib.
O, Bolqarıstanın 2004-cü ildə ATƏT-ə sədrlik etdiyi dövrdə Praqa prosesinin qurulmasına çox ciddi yardım göstərdiyini xatırladaraq, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqları çətin proses adlandırıb və konstruktiv həll yolunun axtarılmasının vacibliyini vurğulayıb.
«Hesab edirəm ki, regional əməkdaşlığa təminat verən dayanaqlı qərar qəbul edilməlidir. Stabillik və inkişafa zəmanət olan həll variantı nə qədər tez tapılsa, bir o qədər yaxşı olar. Bolqarıstan bir region ölkəsi və Avropa İttifaqına üzv ölkə kimi regionun stabilliyi və inkişafını istəyir. Hazırki vəziyyət nə Azərbaycan, nə də Ermənistan xalqlarının mənafelərinə uyğundur».
O Bakıdan sonra Ermənistana səfər edəcəyini, burada səsləndirdiyi fikirləri orada da deyəcəyini bildirib. «Ermənistan ərazisi də blokadada olduğu üçün qonşuları ilə normal iqtisadi əlaqələr qura bilmir, münaqişə bu ölkənin iqtisadi və sosial inkişafına mane olur». /ANS TV/













