Rauf Denktaş Dağlıq Qarabağ və Kipr məsələlərinin müqayisəsinin yanlış olduğunu vurğulayaraq “Kiprin ermənisi rumdur” deyib
Asiya Dialoqu İctimai Birliyi və Qafqaz Media Mərkəzinin təşkil etdiyi Quzey Şimali Kipr lobbi çalışması çərçivəsində Azərbaycan jurnalistlərinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb. Şimali Kiprin 24-cü quruluş ildönümünə təsadüf edən səfər zamanı Azərbaycanın media təmsilçiləri dövlət televiziyası olan Bayraq Radio Televiziyasının rəhbəri Əhməd Okan və Mülki Müdafiə Təşkilatının yeni başqanı Faruk Bozdəmirlə görüşüblər.
Səfərin ilk günündə jurnalistlər Yaxın Doğu Universitetində də olublar. Prorektor Hüseyn Gökçəkuş Yaxın Doğunun tarixi və inkişaf səviyyəsi ilə bağlı bilgi verib.
Səfərin ikinci günündə Azərbaycanın media təmsilçiləri Şimali Kiprin baş nazirinin müavini və xarici işlər naziri Turqay Avcı ilə görüşüblər. Turqay Avcı Şimali Kiprin siyasətinin deyil, strategiya və baxışının dəyişdiyini söyləyib, ikitərəfli münasibətlərə üstünlük verdiklərini deyib.
Azərbaycan jurnalistləri Türk cumhuriyyətinin parlamentdə təmsil olunan müxalifət partiyalarının liderləri – Demokrat Partiyanın başqanı Sərdar Denktaş və Ulusal Birlik Partiyasının başqanı Tahsin Ərtuğruloğlu ilə də görüşüb, onların da Şimali Kiprin durumuna və hökumətin siyasətinə dair düşüncələrini öyrəniblər.
Daha sonra jurnalistlərimiz Şimali Kiprin prezidenti Mehmet Əli Tələtin brifinqinə qatılıblar. O, Azərbaycan jurnalistlərinin suallarına cavab olaraq bildirib ki, ölkəsi rəsmi Bakıdan və digər türk dövlətlərindən bu mərhələdə tanıma tələb etməsə də iqtisadi sahədə ciddi addımlar gözləyir.
Noyabrın 15-də Azərbaycan jurnalistləri Şimali Kipr Türk cumhuriyyətinin (ŞKTC) 24-cü quruluş ildönümünə həsr olunmuş tədbirlərə qatılıblar, hərbi paradı izləyiblər.
Səfərin sonuncu günündə media təmsilçilərimizi ŞKTC-nin qurucusu Rauf Denktaş qəbul edib. Rauf Denktaş QKTC-nin Yunan Kipri ilə birləşməyə deyil, varlığını, mövcudiyyətini qorumağa ehtiyacı olduğunu bildirib. O, Dağlıq Qarabağ və Kipr məsələlərinin müqayisəsinin yanlış olduğunu vurğulayaraq “Kiprin ermənisi rumdur” deyib.
Sonuncu gündə jurnalistlərimiz Doğu Akdəniz Universitetində də olublar, orada müəllimlər və azərbaycanlı tələbələrlə görüşüblər.
Səfər çərçivəsində Azərbaycanın media nümayəndələri rum vəhşiliyinin bariz nümunəsi olan Barbarlıq Muzeyində, Kipr türklərinin toplu qətliama uğradığı Atlılar, Muratağa, Sandallar şəhidliklərində də olublar.
Bundan başqa, Asiya Dialoqu İctimai Birliyinin təmsilçiləri Gənc TV-də canlı yayımlanan proqrama qatılıblar, dövlətin rəsmi xəbər agentliyi olan Kipr Türk Agentliyində (TAK) olublar.
Səfərin yekunu olaraq ilkin mərhələdə ŞKTC-nin xarici işlər naziri Turqay Avcının Azərbaycanda konfrans verməsi və ŞKTC jurnalistlərinin Azərbaycana səfərinin təşkili qərarlaşdırılıb. Qeyd edək ki, Şimali Kıipr lobbi çalışması çərçivəsində ŞKTC-yə İctimai Televiziyanın, “Azadlıq” radiosunun, APA və ANS Press agentliklərinin, “Yeni Müsavat”, “Azadlıq”, “Gün Səhər”, “Xəzər”, “Reytinq”, “Xalq Cəbhəsi” qəzetlərinin təmsilçiləri gediblər. /ANS PRESS/
© 2007 Bütün hüquqları qorunur və Əkrəm Bəhramoğluna məxsusdur - Dəstək: AzeriBlog.com













