Ermənilər işğal altında olan Qarabağ torpaqlarına PKK-çı terrorçuları yerləşdirir
Türkiyənin prezidenti və baş naziri bu barədə Azərbaycan rəhbərliyini xəbərdar edib
Türkiyədə sərhəddən kənar əməliyyatların başlaması ilə çıxılmaz vəziyyətə düşən PKK terrorçuları Şimali İraqdan çıxış planları hazırlayırlar. Türkiyənin "Akşam" qəzetinin yaydığı məlumata görə, PKK-nın içində olan erməni terrorçular Cəhubi Qafqaz regionuna gəlmək üçün çarə axtarırlar. Türkiyə isə terrorçu ermənilərin işğal altında olan Dağlıq Qarabağa gəlmək üçün planlar hazırladığını öyrənib.
Bundan sonra Türkiyə PKK-nın Qarabağa yerləşməməsi üçün regiondakı ölkələrlə əlaqə yaradıb. Prezident Abdullah Gül Azərbaycana və Gürcüstana etdiyi səfərlərində PKK mövzusunu müzakirə edib. Gül PKK-nın Cənubi Qafqaz regionundan istifadə etməməsi üçün hər iki ölkənin prezidentinə xəbərdarlıq edib. Avropa parlamentinin müştərək komissiyasına Türkiyə tərəfindən təqdim olunan məruzədə PKK-nin içində erməni terrorçularının olduğu vurğulanıb.
Türkiyə təhlükəsizlik orqanları PKK-nın erməni diasporası ilə əlaqələri olduğunu və yeni planlar hazırladığını aşkarlayıb. Hazırlanan plana görə, terrorçular əvvəl Avropa ölkələrindən birinə gedəcək. Daha sonra Qafqaz regionuna gedəcəklər. Qafqazda seçilən yer isə işğal altında olan Dağlıq Qarabağdır. Ermənilər son illərdə İraq və Suriyadan gələn bir çox kürd əsilli insanı Dağlıq Qarabağa yerləşdirib. PKK-nın burada qəzeti və radiosu da var.
Türkiyə isə PKK-nın Qafqaz planlarını pozmaq üçün fəaliyyətə başlayıb. Noyabr ayında dalbadal iki Qafqaz ölkəsi Azərbaycan və Gürcüstana səfər edən Abdullah Gül PKK-nın fəaliyyətlərini də müzakirə edib. Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvili Türkiyəyə dəstək verdiklərini bildiriblər.
Baş nazir Ərdoğan isə noyabrın 17-də Bakıdakı türkdilli dövlətlərin qurultayında iştirak edib və Avropa Birliyi ilə Amerikanın Qarabağ problemində verdikləri sözü tutmadıqlarını deyib. "İraqda baş verən hadisələrə diqqət etməliyik" deyən Ərdoğan xoşagəlməz hadisələr baş verəcəyini bildirib. Daha sonra Ərdoğan “Qarabağ qanayan yaramızdır, ermənilər işğalçıdır” deyib.
Azərbaycan parlamentində isə yaxın günlərdə PKK-çı terrorçuların bu ölkəyə girmələrini qadağan edən xüsusi qanun paketi müzakirə ediləcək. Azərbaycan rəsmiləri Türkiyədə axtarışda olan terrorçuların siyahısını istəyib. Azərbaycanın Ədliyyə və Daxili İşlər nazirliklərindən Hüseyn Əsilovun rəhbərliyi ilə Türkiyəyə gedən bir heyət isə bu barədə müzakirələr aparıb. /ANS PRESS/













