Barak Obama prezident seçiləcəyi təqdirdə qondarma erməni soyqırımını tanıyacaq
Amerika Birləşmiş Ştatların Demokratlar partiyasından prezidentliyə namizəd Barak Obama noyabr ayında keçiriləcək prezident seçkisində qalib gəlmək üçün erməni seçicilərin səslərinə arxalanır. ANS TV-nin məlumatına görə, B. Obama bəyan edib ki, qalib gələcəyi təqdirdə 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələri erməni soyqırımı kimi tanıyacaq.
Demokratlar partiyasından prezidentliyə namizəd bundan öncə də öz bəyanatlarında qondarma erməni soyqırımını tanıyacağı barədə açıqlama vermişdi. Demokratların rəngli namizədinin bu açıqlaması ABŞ-da erməni diasporunun təşkilati işlərini həyata keçirən Amerika erməni milli komitəsi tərəfindən böyük məmuniyyətlə qarşılanıb. Erməni təşkilatı açıqlama verərək erməni seçicilərin prezidentliyə namizəd Barak Obamanın bu bəyanatından şad olduqlarını bildiriblər. Barak Obama “Ermənistan ilə əlaqələrin əhəmiyyəti” adı altında açıqlamada ABŞ-da yaşayan 1 milyon yarım erməni mənşəli amerikalının problemlərinə dair apardığı siyasətlə fəxr etdiyini söyləyib. O, ABŞ-la Ermənistan arasında əlaqələrin gücləndirilməsinə böyük dəstək verdiyini də əlavə edib. “Əgər prezident olsam, terror və radikallara qarşı etibarlı müttəfiq olan Ermənistana dəstəyimiz davam edəcək. Ermənistanın təhlükəsizliyini artırmaq üçün Türkiyə və Azərbaycanın tətbiq etdiyi blokadaya son verilməsi üçün səy göstərəcəm. Amerika Birləşmiş Ştatlarının yaranmasından etibarən dəstəklədiyi demokratiya və öz müqəddaratını həll etmə prinsipləri əsasında Dağlıq Qarabağda bütün tərəflərin razı qalacağı və davamlı həll yolu üçün fəaliyyət göstərəcəm”, deyə B. Obama söyləyib.
Barak Obama həmçinin Ermənistanın daha da inkişaf etməsi üçün ABŞ və Ermənistan arasında ticarət, siyasi, hərbi və mədəni əlaqələri gücləndirəcəyini də qeyd edib.
Xatırladaq ki, İllinoisdən olan senator Barak Obama qondarma erməni soyqırımı iddialarının dəstəklənməsi üçün prezident Buşa göndərilən məktubu ilk imzalayanlardan biri olub. Amerika erməni milli komitəsinin sədri Aram Hamparian isə bir neçə həftə bundan öncə prezidentliyə namizədlərə sorğu göndərdiklərini və Barak Obamanının bu fikrə sorğu məktubundan sonra gəldiyini söyləyib./ANS PRESS/













