İslam Konfransı Təşkilatı Azərbaycanla bağlı bəyannamə qəbul edib
«Ermənistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməli, bu ölkənin silahlı qüvvələri Azərbaycanını işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmalıdır». İslam Konfransı Təşkilatı (İKT) Parlament Assambleyasının Misirin paytaxtında keçirilmiş növbəti sessiyasında qəbul olunmuş Qahirə bəyannaməsində belə deyilir. Bu barədə ANS TV-yə millət vəkili Gövhər Baxşəliyeva məlumat verib. Onun sözlərinə görə, sessiyada həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan nümayəndə heyətinin hazırladığı iki qətnamə də qəbul olunub.
Birinci sənəddə İslam Konfransına üzv olan ölkələrin Ermənistanın işğalçılıq siyasətinin davam etdirməsindən və bu işğalın ciddi humanitar problemlərə yol açmasından narahatlığı ifadə edilir.
İkinci qətnamədə isə təşkilat üzvləri işğal olunmuş ərazilərdə islam irsinin və tarixi mədəniyyət abidələrinin dağıdılması ilə bağlı narahatlıq bildirilir.
Həmçinin sessiya çərçivəsində Gövhər Baxşəliyeva təşkilatın icraiyyə komitəsinə üzv seçilib./ANS TV/













