«Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə mane olur»
Ruslan Auşev: «Azərbaycanda milyondan artıq qaçqın və məcburi köçkün ola-ola sabitlik mümkün deyil»
«Rusiya Azərbaycan və Ermənistanda sabitliyin tərəfdarıdır». Bunu Bakıda səfərdə olan keçmiş İnquşetiya prezidenti Ruslan Auşev deyib. Onun sözlərinə görə, hazırda regionda sabitliyə Mane olan ən ciddi problem Dağlıq Qarabağ münaqişəsidir: «Bu gün Azərbaycanda milyondan artıq qaçqın və məcburi köçkün var. Belə bir şəraitdə sabitlik mümkün deyil. Sabitliyə necə nail olmaq olar ki, bir ərazi hüquqi cəhətdən bir ölkəyə məxsus olsun, amma həmin ölkənin vətəndaşları öz evlərinə gedə bilməsin? Bu məsələləri həll etmək lazımdır».
«Münaqişənin iki həll yolu var» deyən Ruslan Auşevin fikrincə, münaqişənin Ən ağıllı nizamlanma variantı danışıqlar yoludur. Onun sözlərinə görə, bu gün rpezident İlham Əliyevlə görüşündə də Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb: «O da dedi ki, Dağlıq Qarabağ və Azərbaycanın nəzarətində olmayan digər rayonların azad edilməsi üçün siyasi addımlar atılır. Lakin problemi siyasi yolla həll etmək mümkün olmasa, ən təhlükəli yol-hərb yolu seçiləcək». Ruslan Auşev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin vacibliyini həm Azərbaycan və Ermənistan, həm də Rusiya Federasiyasında başa düşürlər.
Prezident İlham Əliyevlə görüşdən danışan Ruslan Auşev Azərbaycanın dövlət başçısı ilə bağlı təəssüratlarını bir cümlə ilə belə ifadə edib: «O, gənc, enerjili, yaraşıqlıdır və öz xalqını çox sevir». /ANSPRESS/













